Astarada çəltik əkini çoxalıb
Astarada son 8 ay ərzində 240,6 hektardan çox sahədə çəltik əkilib və 40 sentnerdən çox məhsul yığılıb. Bu haqda məlumatı Azərtac verir.
Astara Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov: “Ötən ilə nisbətən bu il 36 hektar sahədən çox çəltik əkmişik. Havaların əlverişli keçməsi, suvarma suyunun olması və sahəyə düzgün aqrotexniki qulluq edən fermerlər bu nəticəni verib. Məhsuldarlıq ötən ilə nisbətən bu il yaxşıdır. Təbii düyüdür, heç bir qatqı yoxdur, kimyəvi maddələrdən istifadə edilmir. Düzdür, əkindən sonra gübrələrdən istifadə edilir. O da qədərində. Təmiz düyü olduğu üçün rahat sata bilirik”.
Çəltik əkini Astaranın Artupa, Səncərədi, Kakalos, Pensər, Ərçivan, Şiyəkəran və Suparibağ kəndlərindəki təsərrüfatları əhatə edir. Çəltikçiliklər daha çox “Haşımi”, “Apula”, “Gülanə”, “Xəzər”, “Meko” və “Sədri” kimi toxum növlərinə üstünlük verirlər.
Qeyd edək ki, rayonda çəltik yığımı sentyabrın ilk ongünlüyündə başa çatacaq.